cemiyyet.info
cemiyyet.info

Bakıdan Beynəlxaq Jurnalistlər Federasiyasına müraciət ünvanlandı

24-07-2020, 17:32 4 dəfə baxılıb

Bakıdan Beynəlxaq Jurnalistlər Federasiyasına müraciət ünvanlandı

Azərbaycan Mətbuat Şurası Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandıran Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının ağır xəsarət alması ilə bağlı Beynəlxaq Jurnalistlər Federasiyasına və Beynəlxalq Mətbuat İnstitutuna müraciət ünvanlayıb.

Modern.az xəbər verir ki, Müraciətdə deyilir:



“12 iyul 2020-ci il tarixdən başlayaraq Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisindən Azərbaycana hücumu, bunun nəticəsində yaranmış müharibə şəraiti Azərbaycanda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə də ciddi narazılığa səbəb olmuşdur. Onlar öz etirazlarını dinc nümayiş və mitinqlərlə bildirmişlər.

Həmvətənlərimizin bu təşəbbüsləri erməni lobbi və diaspor təşkilatlarının təmsilçilərinin zorakılıq və vandalizm aktları ilə qarşılanmışdır. Beləcə dünyada qərarlaşmış birgəyaşam, tolerantlıq mühitinə ciddi zərər vurulmuş, mənəvi dəyərlər təhdid edilmişdir.



Həm bu kimi halların, həm də azərbaycanlıların məlum etiraz aksiyalarının işıqlandırılmasında ölkəmizin media vasitələri yaxından iştirak edir, özlərinin peşə borclarını yerinə yetirirlər. Təəssüf ki, zorakılığa və qəddarlığa yol verən erməni lobbi və diaspor təşkilatlarının nümayəndələri həmin media vasitələrinin əməkdaşlarına qarşı da eyni xoşagəlməz hərəkətləri reallaşdırmaqdan çəkinmirlər.

Azərbaycan Mətbuat Şurası konkret olaraq Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının üzləşdiyi duruma diqqət çəkməyi vacib və zəruri sayır. X.Sərdarqızı Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandırarkən ağır xəsarət alıb. Beləliklə onun jurnalistlik fəaliyyətinə maneə törədilib.



Avropanın və dünyanın insan haqları və demokratiya mərkəzi sayılan Belçikada, onun paytaxtı Brüsseldə media təmsilçisinə qarşı zorakılığın həyata keçirilməsi bütövlükdə söz və ifadə azadlığına münasibətdə açıq həqarətdir. Daha acınacaqlı hal isə cinayət olduğu şübhə doğrumayan bu faktın layiqli hüquqi qiymətinin almaması, günahkarların məsuliyyətə cəlb olunmamasıdır.

Azərbaycan Mətbuat Şurası oxşar halların gələcəkdə yaşanmaması, demokratiyanın və aşkarlığın təminatında və qorunmasında mühüm ictimai instutut olan medianın fəaliyyətinə basqının cəzasız qalmaması üçün Sizə, bütövlükdə Avropanın mütərəqqi media ictmaiyyətinə müraciət edir.



Bir daha diqqətinizi baş vermiş hadisəyə çəkərək bəyan edirik ki, “Real TV”nin Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızına qarşı törədilmiş zorakılıq və terror azad media dəyərlərinə münasibətdə saymamazlıqdır, plüralizmə açıq meydan oxumaq cəhdidir. Əminik ki, bu cür cəhdlərin gələcəkdə daha hansı xoşagəlməz durumlara gətirib çıxaracağını düşünəcəksiniz. Sıralarında Azərbaycanın aparıcı media vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası Sizi duruma barışmaz yanaşmağa, söz və ifadə azadlığının toxunulmazlığı baxımından qətiyyətli və prinsipial mövqe nümayişinə çağırır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA